Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər
Ekspert: “Dərslik və test toplusu nəşr olunmalı, proqram sadələşdirilməli, təhsil 5 illik olmalıdır”
Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbində işləyir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi bu sahədə ölkədə fəaliyyət göstərən yeganə təhsil müəssisəsidir.
Şəhla İmanova deyir ki, 24 illik fəaliyyəti dövründə görmə əngəlli uşaqlara təhsil verib, onlarla birgə çox çətinliklərə dözüb. Hətta “Sertifikasiya” imtahanının birinci mərhələsindən 39, ikinci mərhələsindən isə 32 bal toplayıb.
Dediyinə görə, gözdən əlil uşaqlarla çalışmaq çətindir. Onların hazırda bir sıra həll olunası ciddi problemləri var. Sinifdə görmə əngəlli uşaqlar bəzən bir neçə xəstəlikdən əziyyət çəkdiyindən, təhsil ümumtəhsil proqramı üzrə aparıldığından şagirdlərə dərsliyi mənimsəmək çətin olur.
“4 illik ibtidai təhsil yetərli deyil”
Bundan başqa, görmə əngəlli uşaqlar üçün ölkədə məktəbəqədərhazırlıq mərhələsi və bağça olmadığından 4 illik ibtidai təhsil müddəti onlar üçün yetərli deyil:
“İnternat tipli məktəbdə dərs proqramı şagirdlər üçün çox qəlizdir. Hazırda birinci sinfə dərs keçirəm. Tək gözdən əlil deyil, həmçinin görmə problemi ilə yanaşı, serebral iflic, nevroloji xəstəlikdən, autizmdən əziyyət çəkən şagirdlərim var ki, onlara dərs proqramını eyni səviyyədə mənimsətmək mümkün deyil. Hazırda sinfimdə 10 uşaq təhsil alır. Serebral iflicdən əziyyət çəkən uşağın görməsi sıfır, həm əqli geriliyi var, həm də danışa bilmir. Sağlam, ancaq görmə əngəllisi olan uşaqlara nəsə öyrədə biliriksə, bu tip uşaqlara hədsiz çətin olur. Təəssüflər ki, ümumtəhsil proqramı ilə gedirik. Bu proqram onlar üçün mənimsəməkdə çətin olur. Çünki bu uşaqların böyük əksəriyyəti hazırlıq mərhələsi keçmir, bağça təhsili yoxdur. Birbaşa ana qucağından məktəbə yollanırlar”.
Müəllim deyir ki, onlar üçün adaptasiya dövrü də çox çətin keçir:
“Bağçaya nisbətən görməsi olan uşaqlar gedir ki, onu da dövlət yox, ödənişə görə özəl baxçalar götürür. Nisbətən o tip uşaqlar seçilir. Çoxunda sosiallaşma yoxdur, özlərini təqdimetmə qabiliyyəti, ünsiyyət qurmaq olduqca çətin olur. Məktəbimizin nəzdində musiqi, dirijor dərnəyi var. İnkişaf üçün bunlar da yetərli deyil. 24 ildir ki, bu problemlərdən şikayətlənirəm. Təklif edirəm ki, ya məktəbəqədər olmalıdır, ya da ibtidai sinif 5 illik təşkil edilməlidir. Bizim şagird olduğumuz dövrdə məktəbəqədər hazırlıq var idi, təhsilə də 7-8 yaşında cəlb olunurduq. İndi 6 yaşında qəbul var, ancaq üç yaşında uşağın ağlı ilə eynidir. 3-4-cü siniflərdə nisbətən adaptasiya olsa da , hələ sağlam uşaqların bilgisi 1-ci sinif bilgisi qədər olur. Çox geri qalırlar”.
“Düzgün yazı qaydası, şifahi, yazılı hesablamalar, göz ötürmələr var. Onu Brayl əlifbası ilə birinci sinfə icra etmək çox çətindir. Göz təzyiqi, nevroloji xəstə uşaqlara necə öyrədək? Valideynləri, böyük bacı, qardaşını məcbur olub dərsə cəlb edirik, onları öyrədirik ki, uşaqlarla evdə məşğul olsunlar. Moskvada, Türkiyədə qəzetlər belə Brayl əlifbası ilə nəşr olunur, çatdırılır. Bizdə nağıl, dərslik kitabları var, ancaq test anlayışı yoxdur. Əlçatan, sadə üsullarla çalışırıq ki, dərs proqramının heç olmasa 60-70 faizini öyrədək”, – deyə o qeyd edib.
“Komissiya belə ağır uşaqları sinfə necə göndərir?”
Şəhla İmanova hesab edir ki, xüsusi həssas qrupa məxsus, bir çox xəstəliklərin daşıyıcısı olan uşaqların olduğu sinifdə əsas müəllimlə yanaşı, “kölgə müəllim” adlı köməkçi də təyin edilməlidir:
“Ya da xüsusi qrup təşkil olunmalıdır ki, o uşaqlarla ayrı məşğuliyyət keçirilsin. Regiondan gələn uşaqların aqibəti isə ucqarda qalması, sosiallaşa bilməməsi, məkan və şərait imkanı fərqinə görə daha acınacaqlıdır. Bu tip məktəblərdə ya müəllimə yardımçı müəllim təyin edilməlidir, ya da ayrıca sinif təşkil olunmalıdır. Üç problemli uşaq qismən sağlam uşaqla necə təhsil alsın? Rusiyada, Türkiyədə biz müəllimlər belə uşaqlarla fərqli işlənildiyini gördük. “Kölgə müəllim”ləri olur ki, müəllimlə sinifdə gəzir, kömək olur. Çünki adətən bu tip uşaqlar dərsə bir gün gəlirsə, üç- beş gün səhhətinə görə yayınır”.
“Autizmli uşaqlar var ki, həm də görmür. Xadimədən kömək alırıq. Adətən, bu cür uşaqlar 9 yaşında hərəkətə keçir, amma 6 yaşında göndərirlər, ehtiyaclarını belə deyə bilmir. Dərsdə 10-15 dəqiqə sakit oturur, başqa vaxtı ağlayır, ancaq oyuncaq istəyir. Komissiya belə ağır uşaqları sinfə necə göndərir? Sentyabr, oktyabr aylarında bizdə ağlaşma dövrüdür. Verdiyimiz təhsilin 10-20%-ni güclə mənimsədirik. Mərkəzlər bu tip uşaqları qeydiyyata alsın, erkən yaşlarda reabilitasiyada məşğələlərə cəlb edilsin. Rayonlar üzrə erkən yaşda bu tip uşaqların düzgün statistikası aparılsın, kənarda qalmasınlar, təhsilə cəlb olunsunlar, regionlarda onların təhsili üçün məktəblər, ya mərkəzlər olsun. Bizim məktəbdən başqa belə uşaqlar üçün təhsil ocağı yoxdur. Bir Naxçıvanda var, o da dördillikdir. Tək tam orta təhsil verən 12 siniflik bizim məktəbdir. 11-ci sinif qəliz olduğundan 12-ci sinif də var. Bu, problemi həll etmir axı?” – müəllim belə deyir.
“İnklüziv təhsil metodunda görmə əngəlli uşaqlar dinləyici olur”
Onun sözlərinə görə, 8 il öncə açılışı olan Zabrat qəsəbəsindəki əlil şəxslər üçün sosial reabilitasiya və sığınacaq mərkəzi əlavə məşğuliyyət üçün çox uzaqdır. Ordakı şəraitin necə olmasından isə xəbəri yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Meydan TV-yə verdiyi məlumata görə, həmin mərkəzin görmə əlilliyi olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində son üç ildə 100-dən çox şəxsə tibbi, pedaqoji, idman, mədəniyyət, incəsənət psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilib.
Ölkədə isə əlilliyi olan 500 mindən çox şəxsin 67 mindən çoxu görmə məhdudiyyətli şəxslərdir. Onda üç ilə 100 nəfərə mövcud dövlət qayğısı az göstəricidir.
I qrup görmə əngəlli şəxslərin ümumi sayı isə 15 minə yaxındır. Bu da görmə əngəlli şəxslərin 22%-ni təşkil edir.
İmanova deyir ki, bu cür reabilitasiya mərkəzləri əlçatan və təminatlı olmalıdır. Yay tətilinin bir ayını bu kimi mərkəzlərdə uşaqlar əlavə məşğuliyyətə cəlb olunmalıdır. Üstəlik, düşərgələr də təşkil edilməlidir. Son illərin təklif olunan inklüziv təhsil metodu ayrıseçkiliyə son qoysa da, ancaq Brayl əlifbası ilə dərslərin mənimsənilməsi mütləqdir:
“Valideynlər deyir ki, bir yer olsaydı, öyrəndiklərini unutmasınlar deyə uşaqları yayda bir ay orada saxlayardıq. Məcbur qalıb bir çoxu kirayədə qalmalı olur. Zabratda inşa olunan reabilitasiya mərkəzi yol baxımından əlçatan deyil. Reabilitasiya mərkəzlərinin uyğun ərazilərdə olmasına ehtiyac var. Ya da avtobus təşkil olunsun ki, o məktəblilər hər yay ora gedə bilsinlər. Görmə əngəlli uşaqlar üçün düşərgə təşkil olunsun. İnkluziv təhsil deyib dururlar, belə düşərgələrdə birləşə bilərlər, məktəbdə ciddən mümkün deyil. Düzdür, gözdən əlil müəllimlərimiz var ki, normal məktəblərdə dərs keçir, ancaq uşaqlar üçün çətindir. Bunun üçün layihə işlənilib qəbul olunmalıdır, ciddi iş görülməlidir”.
“Təsviri incəsənət fənnini birinci sinifdə deyil, yuxarı siniflərdə Brayl lövhəsi istifadə edərək keçirik. Eləcə də İnformatika fənni 1 və 2-ci siniflərdə alınmır. Bu siniflərdə əsasən Brayl əlifbası ilə yazmağı, oxumağı öyrədirik. Ancaq valideynlər var ki, inkluziv təhsil adı ilə digər məktəblərə aparırlar. Müəyyən yaşdan sonra görmə tamamilə itir, götürüb bizim məktəbə gətirirlər. Kütləvidən gələn uşaqlar bizim uşaqlarla müqayisədə geri qalırlar. Çünki inklüziv təhsil metodunda görmə əngəlli uşaqlar dinləyici olur, birtərəfli inkişaf edirlər. Orta təhsildə inkluziv təhsil metodu görmə əngəlli uşaqlar üçün çətindir. Onsuz ali və orta ixtisas təhsilini kütləvi alacaq. Təhsilini bizdə alıb digər sosiallaşmasını əlavə məşğələlərlə həyata keçirə bilər. İnkişaf etmiş ölkələrdə görmə əngəlli övladı olan ananı reabilitasiyaya cəlb edib maarifləndirirlər. Bizdə isə valideyn uşağından utanır, cəmiyyətdən təcrid edir, ya da yetərli şərait, diqqət yoxdur deyə kənarda qalır”, – deyə o qeyd edib.
Elm və Təhsil Nazirliyi Meydan TV-yə ölkənin bütün təhsil ocaqlarında ümumi gözdən əlil müəllim sayının statistikasının aparılmadığını deyir.
Görmə qabiliyyətini qismən yaxud tam itirmiş uşaqlar üçün isə yalnız Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi fəaliyyət göstərir.
Hazırda həmin məktəbdə 302 nəfər gözdən əlil uşaq təhsil alır. Məktəb və sinif sayının yetərli olmamasına gəlincə, nazirlik bu problemi belə şərh edir:
“Növbəti illərdə inklüziv və inteqrasiyalı təhsil çərçivəsində görmə qabiliyyətini qismən və ya tam itirmiş uşaqların öz yaşayış yerinə yaxın təhsil müəssələrində təhsilə cəlb olunması nəzərdə tutulub”.
“Əlil insanların cəmiyyətə inteqrasiyasına süni maneələr var”
Görmə əngəlli uşaqlarla yanaşı, müəllimlərin də işlə təminatından tutmuş dərslərdə və imtahanlarda komputerlərdən rahat istifadə kimi ciddi problemləri var.
Elm və Təhsil Nazirliyindən isə Meydan TV-yə deyirlər ki, 2020-2023-cü illərdə keçirilən MİQ imtahanlarında 66 nəfər gözdən əlil şəxs iştirak etsə də, onlardan ancaq 12 namizəd uğur qazanaraq işlə təmin edilib. İndiyə qədər “Sertifikasiya” müsabiqəsində isə 30 nəfər gözdən əlil müəllim iştirak etsə də, yalnız birinin imtahan nəticəsi uğursuz olub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışan 61 yaşlı Famil Hacıyev deyir ki, gözdən əlil şəxslərə müəssələrdə iş tapmaq, xüsusilə təhsil sahəsində işlə təminat olduqca çətindir:
“Gözdən əlilləri, adətən, xüsusi rejimli müəssisələrə göndərirlər, ancaq kütləvi işlə təminatı təhsil və digər sahələrdə çətindir. Həm dövlət, həm cəmiyyət səviyyəsində qəbuledilməzliklər var. Bir əlil tələbəm vardı, ali təhsilli tarix müəllimi idi, çalışmışdı. Qusarda onu işə bərpa etdirənə qədər çox əziyyət çəkdik. Özü də işə qəbul imtahanında yüksək bal toplamışdı. Əlil insanların cəmiyyətə inteqrasiyası süni maneələrlə doludur, əziyyət çəkirik. Dövlət ciddi nəzarət etməlidir. Əvvələr işlə bağlı əlil şəxslər üçün beş faizlik kvota qoyulurdu, indi o cərimələr tətbiq edilmir deyə vəziyyət daha da kritikləşib”.
“Əlil gənclər müstəqil həyata qədəm basanda çıxılmaz durumda qalır. İstehsalat yox, müəssisə yox. I qrup gözdən əlillər üçün lap çətindir. Bir şagirdim vardı, işsiz idi, 10 plyus eynək taxırdı, işə görə əlillikdən imtina etdi. Müəllim kimi illərdir ki, məzun yetiririk, ildə buraxılışın 50%-i orta ixtisas, ali təhsil ocaqlarına qəbul olur. Ancaq iş həyatları sual altında qalır. Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə kursları işlək və yararlı deyil. Azad sahibkarlığa şərait yaradılmalıdır ki, hər bir təbəqənin əməyinə, təhsilinə xidmət edəcək iş yerləri olsun”, – deyə Famil Hacıyev vurğulayıb.
“Brayl əlifbası ilə test vəsaiti nəşr olunmalıdır”
Famil Hacıyev deyir ki, “Əlil Ziyalılar” Birliyinin rəhbəri olaraq dəfələrlə gözdən əlillərin təhsil və digər sahələrlə bağlı problemlərini layihə şəklində hazırlayıb aidiyyəti qurumlara təqdim edib, ancaq heç bir əməli addım atılmayıb:
“Bizi əvvəl əlilliyə görə diaqnostika imtahanından azad etmək istədilər, ancaq buna ciddi etiraz etdim, tələb etdik ki, iştirak edək. Həm əlilliyin imtahana mane olmadığını bildirmək, həm də biz də əməkhaqqı artımını istəyirdik. Sertifikasiyada da 36 bal topladım. Ana dilində səsli proqram lazımdır ki, belə imtahanlarda kimsənin köməyi olmadan, asılılıq yaranmadan verək. Belə halda oxucuya ehtiyacımız olur. Mənə imtahanda nəzarətçi biologiya müəllimi düşdü, çətin olsa da, öhdəsindən gəldim. Ancaq oxucu seçimi olmadığı üçün fənlərə görə anlaşılmazlıq yaranır. Tutaq ki, əlil müəllim alman dilindən imtahan verir, düşən oxucu riyaziyyatçı, nəticədə alman dilini oxuya bilmir. Yaxud ingiliscə bilməyən necə oxuyacaq? Beş-altı sual mətndən düşür. Oxucu düzgün oxuya bilməyəcəksə, əlil müəllim üçün də çətinlik yaranacaq”.
Onun fikrincə, ölkəyə gətirilən komputerlərdə Azərbaycan dilində səsli proqramı aktivləşdirmək lazımdır:
“Orta Asiya ölkələrində, qonşu Ermənistan, Gürcüstanda var. Əvvəl şərait, texnika yox idi, ali təhsili belə bacımın, qrup yoldaşlarımın hesabına oxudum, indi texnologiyadan tutmuş infrastruktura qədər uyğunlaşdırılmalı, asılılıq olmamalıdır. Üstəlik, Brayl əlifbası ilə test vəsaiti nəşr olunmalıdır. Şagirdlər hazırlıq prosesində çox əziyyət çəkirlər. Gözdən əlil abituriyent hazırlaşsa belə, kimdənsə asılıdır. Müəllim 100 testi verir ki, get et. Gəlib necə etsin? Dərsliklərdə qazanc var deyə pul ayrılır, amma Brayl əlifbası ilə test toplusu gəlir gətirmədiyinə görə maraqlı deyillər”.
“DİM imtahanlarında gözdən əlil abituriyentlər üçün qəbul imtahanı ayrıca qəbul edilməli, imtahanlar da ayrı otaqlarda keçirilməlidir. Gözdən əlil uşaqların təhsildən yayınması üçün valideynlər arasında maarifləndirmə aparılmalıdır. Bu prosesin zəif olmasına dair deyim ki, 2020-ci ildə Naxçıvanda gözdən əlil uşaqlar üçün ibtidai məktəbdə cəmi 9 uşaq təhsil alıb. İldən-ilə bu uşaqların sayı artırsa, mütləq təhsillərinə dair qabaqlayıcı tədbirlər görülməlidir. Ciddi şəkildə onların yaşam və təhsil hüquqlarının qayğısına qalmaq lazımdır”.
“Aidiyyəti dövlət qurumları da bu məsələdə maraqlı olmalıdır”
Təhsil eksperti Adil Vəliyev isə bu tip şəxslərin təhsilə kütləvi cəlbinin hələ zaman alacağını deyir. O, bunun üçün ilk addım kimi kortəbii deyil, peşəkar səviyyədə ixtisaslı kadrların yetişdirilməsini vacib sayır:
“Azərbaycanda təhsil sistemi yeni formalaşır. Yeni təhsil metoduna keçid həm müəllim, həm şagird kollektivi tərəfindən qavranılmalıdır. Bunun üçün öncə peşəkar müəllim kadrları formalaşdırmaq lazımdır ki, bu metodu öyrənsinlər şagirdə təlqin etsinlər. İnklüziv təhsildə müəllim ixtisasına qəbul olunur, ancaq hamısı bu ixtisası sevdiyi, seçdiyi üçün deyil, balı ixtisasa düşdüyü üçün seçir. Yəni bu, düzgün getmir. İnklüziv təhsilin özündə belə hər müəllimin səbri, savad və bacarıq imkanları belə uşaqlara dərs keçməyə imkan vermir. Odur ki, həmin müəllimləri yetişdirməklə yanaşı, onların əməkhaqqısı fərqlənməlidir. Həmin müəllimlərə işə qəbul qaydalarında və digər məsələlərdə güzəştlər tətbiq olunmalıdır. Razıyam ki, bu uşaqlara tətbiq olunan dərs metodu və proqramı fərqli olmalı, sadələşdirilməli, uyğunlaşdırılmalıdır. Hətta ali təhsil almaları üçün şərait yaradılmalı və işlə təminatı üçün istehsalatı artırıb onları ora cəlb etmək lazımdır. Bunlar zaman alacaq işlərdir, amma onları cəmiyyətə qazandırmaq lazımdır, nəinki itirmək”.
Yeri gəlmişkən, dünyada 43 milyon insan görmə qabiliyyətinin olmamasından əziyyət çəkir. 300 milyona yaxın insan isə orta və ağır görmə problemi yaşayır. Bunun isə 55%-ni qadınlar və gənc qızlar təşkil edir.
Tibb mütəxəssisləri göz xəstəliklərinin sürətlə artdığını və 2050-ci ilə qədər 60 milyon insanın tamamilə görmə qabiliyyətini itirəcəyini bildirir.
Ümumilikdə isə dünyada iki milyarddan çox şəxs müxtəlif göz xəstəliklərindən əziyyət çəkir.